top of page

Bakıda EFP Perio Master Clinic 2026 konfransının hazırlıqları çərçivəsində Avropa Parodontologiya Federasiyasının və Mondial şirkətinin nümayəndələri ilə görüşlər keçirilmişdir..

13 fevral 2024-cü il tarixində Avropa Parodontologiya Federasiyasının (EFP) xəzinədarı Monique Danser, Federasiyanın Konqres Komitəsinin sədri Phoebus Madianos və Mondial şirkətinin beynəlxalq layihələr direktoru Florian Fehringerin təmsil etdiyi nümayəndə heyəti 2026-cı ildə Bakı şəhərində Federasiyanın və Azərbaycan Parodontologiya Cəmiyyətinin həm-təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində keçiriləcək EFP Perio Master Clinic 2026 konfransının hazırlıqları çərçivəsində Bakıda səfərdə olmuşdurlar. Səfər sırasında Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyətinin prezidenti və EFP Perio Master Clinic 2026 konfransının Təşkilat Komitəsinin sədri Cavid Əhmədbəyli, yerli Təşkilat Komitəsinin üzvləri Aslan Məmmədov, Nərgiz Əliyeva, Rüstəm Ağazadə, Vəfa Xanməmmədova və Azərbaycan Turizm Bürosunun İşgüzar tədbirlər sektorunun müdiri Səmra Quliyeva ilə Bakı Konqres Mərkəzində, konfransın mühazirəçiləri və iştirakçıları üçün nəzərdə tutulan otellər və restoranlarda müxtəlif görüşlər keçirilmişdir. Bakı Konqres Mərkəzinə ziyarət zamanı beynəlxalq tədbirin keçiriləcək əsas auditoriya zalı, master-klasslar üçün nəzərdə tutulan auditoriya zalları, sərgi və qidalanma sahələri, konfransın Elmi Komitəsinin sədri Mariano Sanz tərəfindən təqdim olunan elmi proqram və digər vacib məsələlər nəzərdən keçirilərək ətraflı müzakirə olunmuşdur. Konfrans öncəsi master-klasslar 5 Mart; canlı cərrahiyyə ilə müşayiət olunacaq əsas elmi proqram isə 6-7 Mart 2026-cı il tarixlərində keçiriləcəkdir. Mühazirəçilərin rəsmi şam yeməyi 6 mart, konfransın qala gecəsi isə tədbirin bağlanış mərasimindən dərhal sonra 7 Mart tarixində keçirilməsi nəzərdə tutulur. 

Bakıda Quintessence Azərbaycan və Azərbaycan Parodontologiya Cəmiyyətinin həmtəşkilatçılığı Quintessenz Azərbaycanın 2-ci beynəlxalq konfransı keçirildi.

16 dekabr 2023-cü il tarixində Bakı şəhərində Ritz-Carlton hotelində Quintessence Azərbaycan və Azərbaycan Parodontologiya Cəmiyyətinin həmtəşkilatçılığı ilə Mariano Sanz (İspaniya), Cavid Əhmədbəyli (Azərbaycan), Aslan Məmmədov (Azərbaycan) və Samir Kərimov (Azərbaycan) kimi tanınmış xarici və yerli mütəxəssislər mühazirəçi kimi dəvət olunan Quintessenz Azərbaycanın 2-ci beynəlxalq konfransı keçirilmişdir.

Ətraflı: https://www.perio.az/quintessenzkonfransı

Dünya şöhrətli alim professor Mariano Sanz Azərbaycan Parodontologiya Cəmiyyətinin Fəxri Üzvlüyü ilə təltif olundu

Ölkəmizdə və dünyada Parodontologiyanın və İmplantologiyanın inkişafındakı xidmətlərə görə Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyətinin qərarı ilə ''Fəxri Üzvlük'' ilə təltif olunan dünya şöhrətli alim, Madrid Komplutense Universitetinin professoru Mariano Sanza Quintessence Azərbaycan və Azərbaycan Parodontologiya Cəmiyyətinin həmtəşkilatçılığı ilə 16 dekabr 2023-cü il tarixində Bakı şəhərində Ritz-Carlton hotelində keçirilən Quintessenz Azərbaycanın 2-ci beynəlxalq konfransında Cəmiyyətin İdarə Heyəti üzvləri tərəfindən Fəxri Üzvlük plaketi və müxtəlif hədiyələr təqdim olundu.

Ətraflı: https://www.perio.az/fexriuzvler

Ölkəmiz Gürcüstan Parodontologiya Assosiasiyası tərəfindən təşkil olunan PerioTbilisi2023 Beynəlxalq Konfransda təmsil olunmuşdur.

24-25 noyabr 2023-cü il tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində Gürcüstan Parodontologiya Assosiasiyasının təşkilatçılığı ilə PerioTbilisi2023 Beynəlxalq Parodontologiya Konfransı keçirilmişdir. Bu tədbirdə ölkəmiz, təşkilatçılar tərəfindən rəsmi dəvət olunan, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli tərəfindən təmsil olunmuşdur. Konfransın rəsmi açılış mərasimində Cavid Əhmədbəyli tədbir iştirakçılarına və beynəlxalq nümayəndələrə Azərbaycan Parodontologiya Cəmiyyətinin fəaliyyəti, Avropa Parodontologiya Federasiyasında üzvlüyü və mühüm qlobal layihələrə verdiyi dəstəyi haqqında ətraflı məlumat vermişdir. Bu səfər sırasında Gürcüstan Parodontologiya Assosiasiyası və Azərbaycan Parodontologiya Cəmiyyəti ilə mövcud əlaqələrin inkişafı və perspektiv planları müzakirə edilmişdir. 

Azərbaycan Parodontologiya Cəmiyyəti tərəfindən təşkil olunan Parodontologiya Kurikulumunun ilk məzunlarına rəsmi şəhadətnamə diplomaları təqdim olundu.

Azərbaycan Parodontologiya Cəmiyyətinin təhsil layihəsi olan və 2023-cü ildən Cəmiyyət tərəfindən ölkəmizdə ilk dəfə təşkil olunan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil üzrə akkreditasiyalı 4 seminar və 5 master-klassdan ibarət diş əti xəstəliklərinin diaqnostikası, qeyri-cərrahi və cərrahi müalicəsi üzrə 1 illik davamlı tibbi təhsil programı olan Parodontologiya Kurikulumu uğurla yekunlaşdı və kurikulumun ilk məzunlarına rəsmi şəhadətnamə diplomları təqdim olundu.

Ətraflı: https://www.perio.az/parodontologiyakurikulumu

Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin “Bakı Ürək Günləri” Beynəlxalq Konqresində mühazirəçi olaraq dəvət olunmuşdur.

19-21 may 2023-cü il tarixlərində Gülüstan sarayında Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqres keçirilmişdir. Dünyanın 20-dən artıq ölkəsindən 400-ə yaxın yerli və xarici kardioloq və kardiocərrahların iştirak etdiyi tədbirə, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, parodontoloq Cavid Əhmədbəyli mühazirəçi olaraq dəvət olunmuşdur. 

‘‘Ürək sağlamlığında parodontologiyanın rolu’’ mövzusunda çıxışında Cavid Əhmədbəyli tərəfindən diş əti xəstəlikləri & ürək-damar xəstəlikləri əlaqənin mövcudluğu və onlara qarşı birqə mübarizənin aparılmasının, bu kimi xəstəlikləri olan insanlarda məlumatlılığın təşviq edilməsi və ağız boşluğu sağlamlığınının təmin olunması, xəstəliklərin Avropa Parodontologiya Federasiyasının ən son elmi sübutlara əsaslanan maarifləndirmə rəhbərlikləri əsasında erkən diaqnostikası, profilaktikası və birgə müalicəsinin əhəmiyyəti haqqında ətraflı məlumat konqres iştirakçılarına təqdim olunmuşdur.

Avropa Parodontologiya Federasiyasının növbəti Perio Master Clinic konfransı 6-7 mart 2026-cı il tarixlərində Bakıda keçiriləcək.

1 aprel 2023-cü il tarixində Danimarkanın Helsingor şəhərində Avropa Parodontologiya Federasiyasına üzv olan 37 ölkənin iştirakı ilə Federasiyanın Baş Assambleyası keçirildi. Bu tədbirdə ölkəmiz Azərbaycan Parodontologiya Cəmiyyətinin prezident Cavid Əhmədbəyli və vitse-prezidenti, Avropa Parodontologiya Federasiyasında Azərbaycan nümayəndəsi Aslan Məmmədov tərəfindən təmsil olundu.

Baş Assambleyanın gündəliyində əsas məsələlərindən biri Federasiyanın 2026-cı ildə keçiriləcək növbəti “Perio Master Clinic” konfransı olmuşdur. Bu konfransa ev sahibliyi etmək uğrunda mübarizə Bakı və Finlandiyanın Helsinki şəhərləri arasında bir ilə yaxındır davam edirdi. Cavid Əhmədbəyli Azərbaycan Konqreslər Bürosunun dəstəyi ilə hazırlanan təqdimatında Bakı şəhərinin işgüzar tədbirlər üzrə potensialı ilə bağlı nümayəndələrə ətraflı məlumat vermişdir. 1000-dən çox mütəxəssisin iştirakı nəzərdə tutulan beynəlxalq konfransın 2026-cı ilin 6-7 mart tarixlərində Azərbaycanda Bakı Konqres Mərkəzində keçirilməsi Avropa Parodontologiya Federasiyasına üzv olan ölkələrinin gizli səsverməsi nəticəsində təsdiq olunmuşdur, təşkilat komitəsi sədrliyi Cavid Əhmədbəyli’yə, elmi komitənin sədri vəzifəsi isə İspaniyanın Madrid Komplutense Universitetinin professoru Mariano Sanz’a həvalə edilmişdir. 

Avropa Parodontologya Federasiyası 1991-ci ildə təsis edilən və Avropada 16 000-ə yaxın ağız boşluğu sağlamlığı mütəxəssislərinin və alimlərinin üzv olduğu 37 milli parodontologiya cəmiyyətini özündə cəmləşdirindən, tibbin parodontologiya sahəsi üzrə elmi və diş əti sağlamlığının əhəmiyyətini təbliğ edən, əsas şuarı “daha yaxşı həyat üçün sağlam diş əti” olan nüfuzlu beynəlxalq təşkilatıdır.

Avropa Parodontologiya Federasiyasının 2017-2022-ci illərdə assosiativ üzvü, 2022-ci ildən hal-hazıradək tamhüquqlu üzvü olan Azərbaycan Parodontologiya Cəmiyyətinin məqsədi ölkəmizdə parodontologiyanın inkişafına yardım etmək, həkimlərə və ictimaiyyətə dişlər və implantlar ətrafında diş əti sağlamlığının qorunub saxlanması və diş əti xəstəliklərinin ciddiyyəti, bu xəstəliklərin müasir biliklərə əsaslandırılmış erkən diaqnostikası və müalicəsinin əhəmiyyətini gündəmə gətirməkdən ibarətdir.

Azərbaycan Dövlət İnformasiya Agentliyi https://azertag.az/xeber/2556167

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

https://www.linkedin.com/posts/s%C9%99hiyy%C9%99-nazirliyi_az%C9%99rbaycan-avropa-parodontologiya-federasiyas%C4%B1n%C4%B1n-activity-7048989105686245376-ummB?utm_source=share&utm_medium=member_android

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu https://www.adhti.edu.az/2023.php?go=xeber25

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi https://tourism.gov.az/news/azerbaycan-novbeti-beynelxalq-tedbire-ev-sahibliyi-edecek

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi https://medeniyyet.az/page/news/67142/Azerbaycan-novbeti-beynelxalq-tedbire-ev-sahibliyi-edecek.html

Report İnformasiya Agentliyi https://report.az/turizm/bakida-perio-master-clinic-konfransi-kecirilecek/

Azərbaycan Parodontologiya Cəmiyyətinin vitse-prezidenti Aslan Məmmədov Antverpendə EFP Perio Master Klinik konfransında ölkəmizi təmsil etmişdir.

Azərbaycan Parodontologiya Cəmiyyətinin vitse-prezidenti Aslan Məmmədov 3-4 Mart 2023-ci ildə Belçikanın Antverpen şəhərində Avropa Parodontologiya Federasiyasının təşkilatçılığı ilə “Perio-Orto Sinerjisi” mövzusunda keçirilən Perio Master Clinic konfransında iştirak etmişdir. Konfrasın gedişində müxtəlif ölkələrdən olan həmkarlar və Avropa Parodontologiya Federasiyasının nümayəndələri ilə bir çox görüşlər keçirilmiş, həmçinin Azərbaycan Parodontologıya Cəmiyyətinin Federasiya ilə mövcud əlaqələrinin inkişafı və perspektiv planları müzakirə edilmişdir.

Azərbaycan Parodontologiya Cəmiyyətinin və Limon Dental şirkətinin həm-təşkilatçılığı ilə “Forum Perio-Endodontika" beynəlxalq elmi-praktik konfrans keçirildi.

Azərbaycan Parodontologiya Cəmiyyətinin və Limon Dental şirkətinin həm-təşkilatçılığı ilə 5 fevral 2023-cü il tarixində Badamdar Estates Baku hotelində “Forum Perio-Endodontika" beynəlxalq elmi-praktik konfrans keçirildi. Konfransla birgə tədbirin foyesində sərgidə təşkil olunmuşdur.

Ətraflı: https://www.perio.az/forumperioendodontika

Forum Perio-Endodontika.png

‘‘Diş əti Xəstəlikləri & Ürək-damar Xəstəlikləri’’ maarifləndirmə kampaniyası Azərbaycan Parodontologiya Cəmiyyəti tərəfindən ağız boşluğu sağlamlığı və digər tibb mütəxəssisləri, əçzaçılar, xəstələr və ictimaiyyət üçün  Azərbaycan dilində tərtib edilmişdir.

Ətraflı: https://www.perio.az/periokardio

Kopenhagendə Azərbaycanın da uğurla təmsil olunduğu EuroPerio10 beynəlxalq parodontologiya konfransı keçirildi.

15-18 iyun 2022-ci il tarixlərində Danimarkanın paytaxtı Kopenhagen şəhərində Avropa Parodontologiya Federasiyasının (EFP) təşkilatcılığı ilə EuroPerio10 10-cu beynəlxalq parodontologiya konfransı keçirildi. 100-dən çox ölkədən 7200-ə yaxın nümayənin qatıldığı bu tədbirdə, Avropa Parodontologiya Federasiyasının tamhüquqlu üzvü olan Azərbaycan Parodontologiya Cəmiyyətidə aktiv iştirak edərək dəstək vermişdir. 130-dan çox məruzəçisi və elmi programı 41 sessiyadan ibarət olan dünya nüfuzlu konfransda ölkəmiz Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyəti üzvləri ilə yanaşı, ölkəmizdə və xariçi ölkələrdə fəaliyyət göstərən, habelə diplom sonrası təhsil alan 40-a yaxın azərbaycanlı həkim təmsil etmişdir. Həmçinin, bu konfransda azərbaycanlı alimlər tərəfindən parodontologiya və implantologiya sahəsində aparılan 10-a yaxın tətqiqatların nəticələri məruzə və poster olaraq təqdim olunmuşdur.​

Ətraflı: https://www.perio.az/europerio10-kopenhagen-2022

Azərbaycanda 12 may 2022-ci il tarixində Avropa Parodontologiya Federasiyasının təşəbbüsü, Azərbaycan Parodontologiya Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə “Diş ətinizi müalicə edin” şüarı altında Beynəlxalq Diş Əti Sağlamlığı Günü kimi qeyd olundu.

Ətraflı: https://www.perio.az/disetisaglamligigunu

Azərbaycan Parodontologiya Cəmiyyəti Avropa Parodontologiya Federasiyasının tamhüquqlu üzvü seçildi.

26 Mart 2022-ci il tarixində Viyana şəhərində Avropa Parodontologiya Federasiyasına (EFP) üzv olan 37 ölkənin iştirakı ilə keçirilən Federasiyanın Baş Assambleyasında Azərbaycan Parodontologiya Cəmiyyəti Təşkilatın tamhüquqlu üzvü seçildi. Bu tədbirdə ölkəmiz Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli və vitse-prezidenti, Federasiyada Azərbaycan Nümayəndəsi (EFP Delegate) Aslan Məmmədov tərəfindən təmsil olundu.

Azərbaycan Parodontologiya Cəmiyyəti 2017-ci ildə İspanyanın Santiago De Compostela şəhərində keçirilən Avropa Parodontologiya Federasiyasının Baş Assambleyasında Federasiyanın assosiativ üzvü seçilmişdir. Avropa Parodontologiya Federasiyasının nizamnaməsinə əsasən tamhüquqlu üzvlük müraciətini yalnız Ümumdünya Səhiyyə Təşkilatına görə Avropa ölkəsi olan və Federasiyada 5 illik assosiativ üzvlük müddətini uğurla tamamlayan ölkələr edə bilir. Azərbaycan Parodontologiya Cəmiyyətinin assosiativ üzvlük dövründəki fəaliyyəti və son 5 il ərzində ölkəmizdə Parodontologiya sahəsində əldə olunan mühüm dəyişiklikləri nəzərə alan Avropa Parodontologiya Federasiyası, Cəmiyyət tərəfindən Federasiyasının İcraiyyə Komitəsinə ünvanladığı tam üzvlük müraciəti müsbət qarşılanmışdır və Viyana şəhərində keçirilən Baş Assambleyanın gündəliyində olan məsələlərə daxil edilmişdir. 

Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli tərəfindən Baş Assambleyada iştirak edən ölkələrə Cəmiyyətin Azərbaycanda və Federasiyası nəzdində son illərdəki fəaliyyəti və əldə olunan nailiyyətləri; parodontologiya ixtisasının və ali təhsil qurumlarında parodontologiya ixtisası üzrə yeni rezidentura programının dövlət tərəfindən təsdiq olunması; davamlı tibbi təhsildə parodontologiya üzrə tədrisin, ağız boşluğu sağlamlığı mütəxəssislərinin sertifikasiyasının müasir tələblərlə uyğun yenilənməsi, həmçinin parodont və peri-implant xəstəliklərinin yeni beynəlxalq təsnifatı, maarifləndirmə kampaniyaları (Perio&Caries, Perio&Diabet, Perio&Cardio, Oral Health & Pregnancy) kimi nəşrlərinin Azərbaycan dilində tərtib edilməsi, Cəmiyyətin təklifləri və gələcək fəaliyyəti haqqında ətraflı hesabat təqdim olunmuşdur. Federasiyanın tamhüquqlu üzvü seçilən ölkəmizə bu haqda rəsmi şəhadətnamə də təqdim olunmuştur. Azərbaycan Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr arasında Avropa Parodontologiya Federasiyasının sıralarına tamhüquqlu üzv olarak qoşulan ilk Avropa ölkəsi olmuşdur. 

Avropa Parodontologya Federasiyası tibbin parodontologiya sahəsi üzrə elmi və diş əti sağlamlığının əhəmiyyətini təbliğ edən, əsas şuarı “daha yaxşı həyat üçün sağlam diş əti” olan nüfuzlu beynəlxalq təşkilatıdır. 1991-ci ildə təsis edilən Federasiya dünyada və Avropa qitəsində 16 000-ə yaxın ağız boşluğu sağlamlığı mütəxəssislərinin və alimlərinin üzv olduğu 37 milli parodontologiya cəmiyyətini özündə cəmləşdirir. Federasiya maarifləndirməni elmi sübutlara əsaslandırılmış və ictimai maraq kəsb edən mövzularda həkimləri və ictimaiyyətin müxtəlif təbəqələrini əhatə edən tədbirlər və kampaniyalar vasitəsilə həyata keçirir. Kliniki və elmi parodontologiyanın inkişafı EuroPerio beynəlxalq parodontologiya konqresi; Journal of Clinical Periodontology elmi jurnalı; nüfuzlu universitetlərdə parodontologiya ixtissası üzrə akkreditə olunmuş rezidentura proqramı; ictimaiyyət arasında diş əti sağlamlığının təbliğatı isə 12 May Diş əti Sağlamlığı Günü maarifləndirmə tədbiri kimi fəaliyyyətlər Avropa Parodontologiya Federasiyası və onu üzvü olan milli parodontologiya cəmiyyətləri tərəfindən həyata keçirilir.

Azərbaycan Parodontologiya Cəmiyyəti Viyanada EuroPerio10 Ambassadorlar toplantısında təmsil olundu.

Azərbaycan Parodontologiya Cəmiyyətinin vitse-prezidenti, EuroPerio Azərbaycan Ambassadoru Rövşən Məmmədov Avropa Parodontologiya Federasiyasının təşkilatçılığı ilə 15-18 iyun 2022-ci il tarixlərində Kopenhagendə keçiriləcək EuroPerio10 Beynəlxalq Parodontologiya konfransına hazırlıqlar məqsədi ilə 25 mart 2022-ci il tarixində Viyana şəhərində Ambassadorlar toplantısında ölkəmizi təmsil etmişdir. EuroPerio10 konfransının Təşkilat Komitəsinin və 37 ölkənin nümayəndələrinin iştirak etdiyi bu tədbirdə konfrans ilə əlaqədar vacib məsələlər ətraflı müzakirə olunmuşdur. Toplantıdan sonra Ambassadorların iştirakçılarına graffiti kursu verildi və xüsusi ayrılmış divarda hər bir ölkə nümayəndəsi tərəfindən rəngli boyaların istifadəsi ilə özəl graffitilər çizildi.

bottom of page