EFP Perio Master Clinic 2026 beynəlxalq konqresi
5-6 mart 2026
Bakı-Azərbaycan
Azərbaycan Avropa Parodontologiya Federasiyasının “EFP Perio Master Clinic 2026” beynəlxalq stomatoloji konqresinə ev sahibliyi edib
2026-cı il 6–7 mart tarixlərində Bakı Konqres Mərkəzində Avropa Parodontologiya Federasiyası (EFP) və Azərbaycan Parodontologiya Cəmiyyətinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin dəstəyi ilə “EFP Perio Master Clinic 2026” beynəlxalq stomatoloji konqres keçirilib.
Konqres çərçivəsində dünya miqyasında tanınmış mütəxəssislərin iştirakı ilə elmi sessiyalar, klinik müzakirələr, praktiki master-klasslar və multidissiplinar panel iclasları təşkil olunub. Tədbir 55 ölkədən 800-ə yaxın yerli və xarici stomatologiya mütəxəssisini, rezidentləri və alimləri bir araya gətirib. Bu, Azərbaycan Respublikasının regionda elmi-tibbi mərkəz kimi mövqeyinin daha da möhkəmləndirilməsinə, beynəlxalq elmi əməkdaşlıqların genişlənməsinə və milli stomatologiyanın inkişafına mühüm töhfə verib.
Tədbir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən davamlı peşəkar inkişaf üzrə akkreditasiya olunub. Bununla yanaşı, konqres müddətində Bakı Konqres Mərkəzində stomatologiya sahəsində dünyanın 13 nüfuzlu şirkətinin təmsil olunduğu beynəlxalq sərgi təşkil olunub.
KonqresinTəşkilat Komitəsinin sədri Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Parodontologiya kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyətinin prezidenti Cavid Əhmədbəyli, Elmi Komitənin sədri isə İspaniyanın Madrid Komplutense Universitetinin Parodontologiya kafedrasının müdiri və professoru, dünya parodontologiya elminin aparıcı simalarından biri Mariano Sanz olub. Konqresdə Avropa Parodontologiya Federasiyasının prezidenti, Afina Milli və Kapodistriya Universitetinin Parodontologiya kafedrasının müdiri, professor Spyros Vassilopoulos və Federasiyanın baş katibi, Bern Universitetinin Parodontologiya kafedrasının müdiri, professor Anton Sculean iştirak ediblər.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Səhiyyə Komitəsinin üzvü İlham Məmmədov konqresin rəsmi açılış mərasimində iştirak edərək tədbir iştirakçılarını salamlayıb. O, çıxışında Azərbaycanda tibb elminin və stomatologiya sahəsinin inkişafına göstərilən dövlət dəstəyindən bəhs edib, belə nüfuzlu beynəlxalq elmi tədbirlərin ölkəmizdə keçirilməsinin Azərbaycan səhiyyəsinin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə və tibbi elmin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Deputat konfransın təşkilatçılarına təşəkkürünü bildirərək tədbirə uğurlar arzulayıb.
Avropa Parodontologiya Federasiyasının təşəbbüsü olan Diş Əti Sağlamlığı Günü çərçivəsində 5 mart tarixində, konqresdən əvvəl Bakı Konqres Mərkəzinin qarşısında xüsusi qurulmuş çadırda Azərbaycan Parodontologiya Cəmiyyətini təmsil edən parodontoloqlar və rezidentlər tərəfindən 60 nəfərə ödənişsiz stomatoloji müayinələr keçirilib.
Avropa Parodontologiya Federasiyası (EFP) 1991-ci ildə təsis edilmiş, Avropada 18 000-ə yaxın ağız boşluğu sağlamlığı üzrə mütəxəssis və alimi birləşdirən 47 milli parodontologiya cəmiyyətini özündə cəmləşdirən nüfuzlu beynəlxalq təşkilatdır. Federasiya parodontologiya sahəsində elmi biliklərin inkişafını və diş əti sağlamlığının əhəmiyyətinin təbliğini həyata keçirir. Təşkilatın əsas şüarı “Hər kəs üçün daha yaxşı ağız sağlamlığı”dir.
Azərbaycan Parodontologiya Cəmiyyəti 2017–2022-ci illərdə EFP-nin assosiativ üzvü olub, 2022-ci ildən etibarən isə tamhüquqlu üzv kimi fəaliyyətini davam etdirir.
Publications:
https://www.efp.org/news-events/news/perio-master-clinic-2026-brings-periodontal-science-to-baku/
https://www.efp.org/news-events/news/bringing-gum-health-day-to-the-public-in-baku/
Şəkillər
Şəkilləri böyütmək üçün şəklin üzərinə klikləyin.
















































