EstePerio2018
3-cü Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresi
9-10 Noyabr 2018
Bakı, Azərbaycan
#esteperio2018
Bakıda EstePerio2018 3-cü Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresi keçirildi.
Bakıda 9-10 Noyabr 2018-ci il tarixlərində Azərbaycan Parodontologiya Cəmiyyətinin, Azərbaycan Estetik Stomatologiya Assosiasiyasının və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun birqə təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Avropa Parodontologiya Federasiyasının dəstəyi ilə EstePerio2018 3-cü Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresi keçirildi. Holiday Inn Baku otelində keçirilən tədbirdə 350-dən çox yerli və xarici həkim, rezident və tələbə iştirakı etmişdir.
Konqresə stomatologiyanın müxtəlif sahələri üzrə kliniki və elmi qabiliyyətlərinə görə beynəlxalq səviyyədə lider olan, Prof. Mario Aimetti (Italiya), Prof. Sofia Aroca (Fransa), Prof. Esra Can (Türkiyə), Prof. Yuliya Çumakova (Ukrayna), Prof. Korkud Demirel (Türkiyə) Prof. İlya Rabinovich (Rusiya), Prof. Lüdmila Orexova (Rusiya), Prof. Michele Reners (Belçika), Prof. Massimo De Sanctis (Italiya), Dr. Cem Yıldız (Türkiyə) və Prof. Emir Yüzbaşıoğlu (Türkiyə) kimi tanınmış alimlər dəvət olunmuşdur.
Tədbirin məqsədi - Azərbaycan Respublikasında parodontologiya, implantologiya, estetik və rəqəmsəl stomatologiya sahələrinin inkişaf etdirilməsinə yardım etmək, dövlət və özəl sektorda fəaliyyət göstərən stomatoloqlar arasında maarifləndirmə işi apararaq, onların bu sahədə bilik və təcrübələrinin təkmilləşdirmək, həmçinin,son illər ərzində ölkəmizdə və dünyada bu sahədə həyata keçirilən əsas tədqiqat fəaliyyətləri haqqında məlumat və gələcək elmi-tədqiqat işlərinə istiqamət verilməsindən ibarət idi.
Konqres iştirakçılarına parodont xəstəliklərinin yeni beynəlxalq təsnifatı, dişlər və implantlar ətrafında yumşaq toxuma tənzimlənməsi, diş əti xəstəliklərinin profilaktikası və müalicəsinin ümumi sağlamlığa təsiri, stomatologiyada estetikanın yaxşılaşdırılması üçün yeni rəqəmsal texnologiyaların tədbiqi kimi mövzular geniş müzakirə olunmuşdur.
Konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunmuşdur və bu tədbirdə iştirak edən həkim-stomatoloqlar sertifikasiya kreditləri əldə etmişlər. Konqreslə birgə keçirilən və tədbirin foyesində yerləşən sərgidə 15-dən çox yerli və xarici şirkətlər iştirak etmişdir. Elmi proqram ilə yanaşı Azərbaycan, Türkiyə, Rusiya və Hindistandan iştirak edən gənc alimlərin apardıqları elmi tədqiqatların nəticələri yazılı və şifahi poster olaraq təqdim olunmuş və tədbirin məcmuasında nəşr edilmişdir.
Açılış mərasimində Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti və EstePerio2018 Təşkilat Komitəsinin sədri Cavid Əhmədbəyli konqres nümayəndələrinə cəmiyyətin tarixi, son illərdə həyata keçirilən yerli və beynəlxalq fəaliyyətləri, cəmiyyətin Avropa Parodontologiya Federasiyasında (EFP) üzvlüyü və mühüm qlobal layihələrə verdiyi dəstəyi haqqında ətraflı məlumat verdi. Konqresin fəxri prezidenti Prof. Selçuk Yılmaz bu kimi toplantıların tibbin onəmli sahələrindən olan stomatologiyanın inkişafına mühim töhvə verəcəyini əminliklə ifadə edərək bu tədbirin beynəlxalq konqresin bütün tələblərinə cavab verdiyini və yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğuladı. Azərbaycan Estetik Stomatologiya Assosiasiyasının sədri Ramiz Əhmədbəyli, Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin prezidenti Çingiz Rəhimov və digərləri konqresi stomatologiya sahəsində təcrubə mübadiləsi baxımından əhəmiyyətini qeyd etdilər. Konqres elmi məruzələrlə davam etdirildi.
Növbəti EstePerio2020 Beynəlaxalq Konqresinin 4-6 iyun 2020-ci il tarixlərində Bakı şəhərində keçirilməsi planlaşdırılır.
Xəbərlər
Xəbərlər səhifəsinə keçmək üçün şəklin üzərinə klikləyin.
Konqresin yekun proqramı